Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Lerik şəhəri
Talış dağlarının zirvəsində Azərbaycaınn ən səfalı guşələrindən biri olan Lerik rayonu yerləşir. Burada adama elə gəlir ki, əlini uzatsa göyə toxunmaq olar. Təbiət bu yerlərdən özünün heç bir nemətini əsirgəməmişdir: əzəmətli dağlar, bakirə meşələr, büllur kimi saf sulu çaylar və şəlalər, təmiz hava və bərəkətli torpaqlar... Rayonun ərazisindəki ən uca dağ zirvələri Kömürgöy (1492 metr) və Qızyurdu (2433 metr) dağlarıdır. Payız fəslində Lerikdə tez-tez yağış yağır, kənd yollarında gediş-gəliş çətinləşir. Yayda orta temperatur +20 C-dən +25 C-yə qədər olur. Bülüdül (rayon mərkəzindən məsafəsi 20 km) və Zərinqala (17 km) təbii istirahət zonaları çox məşhurdur. Burada ləzzətli su bulaqları var. Meşələrdə və Lerik çayının sahillərində qaban, dovşan, tülkü, kəklik və ördək ovlamaq üçün əlverişli şərait var. Meşələrin əlçatmaz yerlərində, dağlarda bəbirə də rast gəlmək olar. Hazırda bu nadir heyvanın qorunub saxlanması üçün müvafiq elmi proqram həyata keçirilir. Bu regionun bənzərsiz təbiəti ilə yanaşı özünəməxsus mədəniyyəti və qədim tarixi də onu məşhurlaşdırır. Burada tapılmış mağarada daş dövrünün insanlarının yaşaması güman edilir. Rayonda çoxsaylı tarixi abidələr var. Xanəgah kəndindəki Xoca Seyid məqbərəsi (XIV əsr), Lüləkəran kəndindəki məscid (XIX əsr), Mistan kəndində, dəniz səviyyəsindən 2438 metr yüksəklikdə yerləşən «Qızyurdu» adlı qədim insan məskəni, Mondigah kəndindəki Baba İsa türbəsi, Kekonu kəndinin yaxınlığındakı Pir Yusif məqbərəsi, Lerikdən Cəngəmiran kəndinə gedən yolun üstündəki Cabir məqbərəsi (XII - XIV əsrlər) və s. Kəndlərin çoxunda daşdan yonulmuş qoç heykəlləri salamat qalmışdır. Cəngəmiran kəndinin yaxınlığında Xəlifə Zəkəriyyə məqbərəsi var. Bu kənddə qədim ağaclar da tarixi abidələr kimi qorunur. Məşhur fransız yazıçısı Aleksandr Düma vaxtilə Qafqaza səyahət edərkən bu kənddə olmuş, ordakı qədim abidələ baxmış, kənd sakinləri ilə söhbət etmişdir. Düma öz əsərlərinin birində bu kənddə yaşayan qadınlardan birinin rəşadətini təsvir etmişdir. Lerik həmişə uzunömurlulər diyarı kimi məşhur olmuşdur. Bu rayonun sakini olmuş Şirəli Müslümov uzunömürlülük üzrə dünya rekordu müəyyən etmişdir. O, 163 il (1812-1975) ömür sürmüşdür. Onun digər həmyerlisi Mahmud Eyvazov isə 150 il yaşamışdır (1808-1958). Hazırda bu rayonda yaşı 100-ü çoxdan keçmiş, lakin hələ də əmək qabiliyyətini saxlamış onlarca insan yaşayır. Rayonun inzibati mərkəzi - Lerik şəhəri uca dağlar və münbit düzənlik ərazi arasında yerləşir. Burada Siz yerli diyarşünaslıq muzeyinə getmək və Qarabağ müharibəsi şəhidlərin xatirəsinə ucaldılmış memoriala baxmaq imkanı əldə edəcəksiniz. Harada qalmaq olar Rayonun mərkəzində yerləşən ikimərtəbəli Qonaq Evi Tel. 5 42 76 bütün kommunal xidmətlərilə qonaqların istifadəsindədir. Harada nahar etmək olar Lerik - Lənkəran şosse ətrafında və əyləncə üçün şəraiti olan «Təbəssüm» Tel. 5 51 51, «Xəyal» Tel. 5 47 63, «Elgün» restoranları vardır. «Avtovağzal» Tel. 5 44 78, «Tural», «Röya» restoranları yüksək xidmət göstərir.