Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib

11.08.2019

 

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev müqəddəs Qurban bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib.
Təbrikdə İslam dünyasının mübarək günlərindən olan Qurban mərasiminin əhəmiyyəti vurğulanır, yüksək inanc və mənəviyyat dəyəri olan bu ənənənin insanların birliyinə, bərabərliyinə, qarşılıqlı fədakarlıq və xeyirxahlığa xidmət etdiyi diqqətə çatdırılır. Qeyd olunur ki, xalqımız Qurban, Ramazan bayramlarını yüzilliklər boyu öz mənəvi irsində yaşatmış, ölkəmiz müstəqillik qazandıqdan sonra bu bayramlar dövlət səviyyəsində qeyd olunmağa başlanmışdır.
Vurğulanır ki, müsəlman aləminin ayrılmaz hissəsi olan Azərbaycanda mütərəqqi mənəvi dəyərlərin qorunması və təbliği daim diqqətdə saxlanılır, insanların inanc və adət-ənənələrinə hörmətlə yanaşılır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir, dövlət başçısının qayğısı ilə dini ziyarətgahlar, ibadət yerləri təmir-bərpa olunur. Ölkəmiz müsəlman dünyasında əməkdaşlığa, həmrəyliyə mühüm töhfələr verir. Dövlət başçısının sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunması bunun əyani sübutudur. Bu gün Azərbaycan Respublikası müsəlman ölkələri və İslam Əməkdaşlıq Təşkilatı ilə yüksək səviyyədə əlaqələrə malikdir.
“Qurban bayramının ən gözəl xüsusiyyətlərindən biri onun fərəhini qarşılıqlı şəkildə paylaşmaqdır. Ölkəmizdə digər dinlərin nümayəndələri də bu bayramın fəzilətlərindən yararlanır, birlik və bərabərlik nümayiş etdirirlər. Qurban bayramı Tanrının insaniyyətə bəxş etdiyi xoşniyyətin bir təcəssümüdür”, - deyə təbrikdə bildirilir. 
Əbülfəs Qarayev təbrikin sonunda ölkəmizin mədəniyyət ictimaiyyətinə müqəddəs bayram münasibətilə könül xoşluğu, cansağlığı, firavanlıq, kəsilən qurbanların, edilən duaların Allah dərgahında qəbul olmasını arzulayıb.

 

140 KB