Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Astara rayon Kitabxanasının 80 illik yubileyi qeyd edilmişdir

28.12.2019

        28 dekabr 2019-cu il tarixdə rayon Mədəniyyət Mərkəzində Astara rayon Kitabxanasının yaradılmasının 80 illik yubiley tədbiri təntənəli şəkildə qeyd edilmişdir. Yubiley tədbirinində təhsil, mədəniyyət müəssisələrinin əməkdaşları və rayon ictimaiyyəti iştirak etmişlər.

       Tədbir iştirakçıları ilk öncə mərkəzin foyesindəki kitab sərgiləri ilə tanış olmuşlar.

       Kitabxananın 80 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunduqdan sonra, rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin təbrik məktubunu oxumaqdan ötrü söz İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıxovaya verilmişdir.

        Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli kitabxana işçilərini yubiley münasibətilə təbrik etmiş, onlara gələcək işlərində uğurlar arzulamışdır. Eyni zamanda kitabxana işi sahəsində uğur qazanmış işçilərə Lənkəran Regional Mədəniyyət İdarəsinin Fəxri Fərmanı və iki nəfər işçiyə “Əmək veteranı” adı verilməklə kitabçanı təqdim etmişdir.

        Rayon MKS-nin direktor əvəzi İlyas Məmmədov kitabxananın 80 illik fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etmişdir. Dövr ərzində rayonda kitabxana xidmətinin təşkili, kitabxananın tarixi, kitabxana filiallarının yaradılması, bina şəraitinin yaxşılaşdırılması haqqında danışan İ.Məmmədov kitabxananın qazandığı uğurları da tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. O, kitabxananın aparıcı mütəxəssisinin Azərbaycan Respublikasının Mədəniyyət Naziri tərəfindən dəfələrlə fəxri fərman və pul mükafatına layiq görüldüyünü, Mərkəzi Kitabxananın 2017-ci ildə Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqədə “İlin ən yaxşı kitabxanası” nominasiyasının qalibi olduğunu qeyd etmişdir.

        Tədbirdə Əməkdar müəllim Heybət Hüseynov, Rayon Mədəniyyət Mərkəzinin direktoru Hacıbala Ramazanov, vaxtilə kitabxananın direktoru işləmiş Kamil Kamilov və Şirməmməd Fərəcov, AYB-nin üzvü, kitabxanaçı-şairə Sakitə Əliyeva çıxış etmişlər.

        Yubiley tədbiri rayon Mədəniyyət Mərkəzinin “Sevinc” mahnı və rəqs ansamblının təşkil etdiyi rəngarəng konsert proqramı ilə yekunlaşmışdır.

 

97.5 KB

 

103.6 KB

 

118.7 KB