Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Region haqqında
Mədəniyyət

Astara

Astara rayon Mədəniyyət və Turizm şöbəsinin strukturunda 24 mədəniyyət evi, 29 klub, Tarix-Diyarşünaslıq muzeyi, Heydər Əliyev mərkəzi, Dövlət Rəsm Qalereyası, Uşaq musiqi məktəbi, 57 kitabxana tarix və mədəniyyət abidələrinin mühafizəçiləri əhaliyə mədəni xidmət göstərir.
Rayon ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.08.2001-ci il tarixli 132 №li Qərarı ilə təsdiqlənmiş və dövlət mühafizəsinə götürülmüş 102 daşınmaz tarix və mədəniyyət abidəsi vardır. Onlardan 26 abidə ölkə əhəmiyyətli, 76 abidə isə yerli əhəmiyyətli abidələr siyahısına daxildir. Əhəmiyyət dərəcəsinə görə 48 memarlıq abidəsi, 47 arxeoloji abidə, 2 bağ-park, monumental və xatirə abidəsi, 5 dekorativ tətbiqi sənət abidəsi isə yerli əhəmiyyətli tarixi mədəni-abidlər siyahısına aid edilmişdir.
Rayon Dövlət Rəsm Qalereyası 1979-cu ildən fəaliyyət göstərir. Qalereya rayon Mədəniyyət evində yerləşir. Burada 7-nəfər işçi çalışır. Rəsm Qalereyasının fondunda 119 ədəd eksponat toplanmışdır.
Rayon Tarix-Diyarşünaslıq muzeyinin fondunda 7354 ədəd eksponat vardır və 1980-cı ildən fəaliyyət göstərir. Muzeyin sahəsi 600 m2, altı zalda yerləşdirilməklə üç bölmədən ibarətdir. Muzeyin əsas fondunda eramızdan əvvəl II-III əsrdə baş verən hadisələrdən xəbər verən müdafiə və döyüş silahları, qılınclar, yəhərvari tunc qılınclar, ox və nizə ucluqları, bıçaq tiyələri, döyüş baltaları, yaşı 2000 ildən yuxarı olan qadın və kişi daş heykəlləri, XIV və XV əsrlərə aid olan "Zərbi düz olmayan" sikkələr, ibtidai formalı şüşədən və tuncdan düzəldilmiş qadın bəzəkləri, tarixi və elmi əhəmiyyətə malik olan eksponatlar mühafizə olunur. Eyni zamanda xalqın məişət bölməsində keçmişdə istifadə edilmiş "Talış evi" həsir, cebend, beşik, bəzək əşyaları, duluzçuluq sənət nümunələri, həsirtoxuma aləti, xış, dəmir kotan, xalq şənliklərində istifadə edilən qədim musiqi alətləri nümayiş olunur.
2008-ci ildə ulu öndərin anadan olmasının 85-illiyi münasibətilə Heydər Əliyev muzeyi inşa olunmuşdur.
2011-ci ilin yanvarından muzey yenidən qurularaq genişləndirilmiş və Mərkəz kimi fəaliyyətə başlamışdır. Sahəsi 960 m2 dir. Mərkəzdə 105 fotoşəkil saxlanılır. Mərkəzin 8 nəfər işçisi vardır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 aprel 2011-ci ildə Astara Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir. Mərkəzin ilk seyircisi Prezidentimiz cənab İlham Əliyev olmuşdur. Fəxri qonaq mərkəzin daxili və xarici görünüşünü, quraşdırılma, dizaynını yüksək qiymətləndirmiş, "Xatirə kitabına" öz ürək sözlərini yazmışdır.
İki mərtəbəli binanın girişində ulu öndərin büstü qoyulmuşdur. Mərkəzin birinci mərtəbəsində Ümummilli Liderin mənalı həyatını və zəngin siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkil və sənədlərdən ibarət muzey fəaliyyət göstərir. Muzeydə 68 fotoşəkil, 34 sənəd nümayiş etdirilir. 37 fotoşəkil və 40 sənəd isə fondda saxlanılır. Onlardan 25-i ulu öndərin Astaraya səfərləri zamanı çəkilən və Astaralılar tərəfindən qorunub saxlanılan unikal fotoşəkillərdir. Onu da qeyd edək ki, Heydər Əliyev Astaraya rəsmən 11 dəfə səfər etmişdir.
Astara Uşaq Musiqi məktəbi 1966-cı ildə yaradılmışdır. İlk zamanlar iki ixtisas üzrə (tar, fortepiano) dərslər tədris edilirdisə indi məktəbdə 8 ixtisas üzrə 280-dən yuxarı şagirdin təlim-tərbiyəsi və tədrisi ilə 56 nəfər ali və orta ixtisas təhsilli müəllim məşğul olur. Ötən 45 ildə məktəbi minədək şagird bitirmişdir. Bu gün məktəbdə çalışan bütün müəllimlər məktəbin öz yetirmələridir.
Məktəbdə tar, fortepiano, kamança, qarmon, balaban, nağara, klarnet və xanəndəlik ixtisasları tədris olunur.
Astara rayon MKS-nin mərkəzi rayon kitabxanası 1939-cu ildən fəaliyyətə başlamışdır. Rayon MKS-i 1 mərkəzi rayon, 1 şəhər, 1 Gənclər və 54 kənd kitabxana filiallardan ibarət olan şəbəkəni özündə birləşdirir. Rayon MKS-nin əsas göstəriciləri aşağıdakılardır (oxucuların sayı 28 min 458 nəfər, kitab fondu 423 min 584 nüsxədir).
Özfəaliyyət kollektivləri barədə məlumat

1. Rayon mədəniyyət evinin "Sevinc" mahnı və rəqs ansamblı, rəhbəri Respublikanın Əməkdar Mədəniyyət işçisi Cəbrayıl Əliyev, üzvlərinin sayı 30 nəfər.
-1978-ci ildə yaradılıb.
-1991-ci ildə Respublika Mədəniyyət Nazirinin Əmri ilə "Xalq kollektivi" adına layiq görülmüşdür.
-1988-ci ildə Rumıniya, 1993 və 1995-ci illərdə Türkiyədə Beynəlxalq Uluslararası festivallarda, 1980-1989-cu ildə Respublikanın mötəbər tədbirlərində iştirak etmiş, SSRİ və Azərbaycan SSR Mədəniyyət Nazirliyinin fəxri fərmanlarını almışdır. Respublika Prezidentinin andiçmə mərasimində iştirak etmişdir.
2. "Əvəsor" Folklor Xalq kollektivi. 1985-ci ildə yaradılmışdır. Rəhbəri Fərbiyə Şabanova, üzvlərinin sayı 45 nəfər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 12 iyul 2000-ci il tarixli 7 saylı Qərarı ilə "Əvəsor" folklor kollektivinə "Xalq kollektivi" adı verilmişdir.
1993-1998-ci illərdə Ümummilli lider Heydər Əliyevin Prezident seçilməsi münasibəti ilə andiçmə mərasimlərinə həsr olunmuş geniş tədbirlərdə, 2003-cü ilin mart ayında Lənkəran şəhərində keçirilən III-uşaq folklor musiqi festival-müsabiqəsinin II-turu, həmin il martın 27-də Bakı şəhərində keçirilən yekun turda ikinci yeri, ölkənin Prezidenti cənab İlham Əliyevin Lənkəran şəhərinə səfəri zamanı "Olimpiya Kompleksi"nin açılışı mərasimdə, Respublika Gənclər, İdman və Turizm Nazirliyinin keçirdiyi ənənəvi "Azərbaycan-doğma diyar" adlı incəsənət festivalında, 2005-ci il Astarada keçirilən Azsaylı Xalqların folklor Festivalında, "Milli azlıqların incəsənəti" festivalında, M.Rastrapoviçin qarşılanma mərasimində, 2009-cu ildə Bakı şəhərində "Biz Azərbaycanın övladlarıyıq" incəsənət festivalında, 2010, 2011 və 2012-ci illərdə ölkə Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi Bakı şəhəri Dənizkənarı Bulvarda keçirilən "Novruz" bayramı şənliklərində, 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Azərbaycan-doğma diyar" III incəsənət festivalında iştirak etmişdir.
3. Nəzərovların "Sahil" ailə ansamblı. Rəhbəri Natiq Nəzərov, üzvlərinin sayı 6 nəfər.
4. Həziyevlərin "Zirvə" ailə ansamblı. Rəhbəri Eynulla Həziyev, üzvlərinin sayı 10 nəfər.
5. Vahabovların "Diqo" (Zurnaçılar) ailə ansamblı. Rəhbəri Pənah Vahabov, üzvlərinin sayı 4 nəfər.
6. "Şindan" aşıqlar ansamblı. Rəhbəri Aşıq Elxan Əliyev, üzvlərinin sayı 6 nəfər. Ansambl 1989-cu ildə "Gənc ozanlar" festivalında, Rumıniyada keçirilən folklor festivalında, 1993 və 1995-ci illərdə Türkəyənin Kölcük-Ankara şəhərlərində Uluslararası festivalda, 2003-cü il Dərbənd şəhərində II Beynəlxalq "Narın qala" festivalında iştirak etmiş, ansamblın rəhbəri E.Əliyev Azərbaycan aşıqlarının IV və V Qurultayının nümayəndəsi olmuşdur.
7. Nəcəfovların ailə ansamblı. (Zurnaçılar) Rəhbəri Əbdüləzim Nəcəfov. Üzvlərinin sayı 5 nəfər.
8. Kakalos kənd mədəniyyət evinin "Şəhriyar" adına Xalq teatrı. Rəhbəri Fərbiyə Şabanova, üzvlərinin sayı 30 nəfər.
Rayonun turizm və istirahət məqsədləri üçün istifadə edilə bilən təbii potensialı böyükdür. Rayonda turizmin inkişafı və turistlərə yüksək xidmətin göstərilməsi üçün zonalar üzrə 7 turizm marşrutu müəyyən edilmişdir. Bu marşrutlar daşınmaz tarix və mədəniyyət abidələri, tarixi yerlər, ziyarətgahlar, inanc yerləri ilə yanaşı eyni zamanda rayonumuzun nadir el sənətkarlığının inkişaf etdiyi yaşayış məntəqələrindən keçir.
Astara rayonunda fəaliyyət göstərən 4 ulduzlu "Şindan", "Savalan", "Xəzər", "1001 gecə" mehmanxanaları, Abşeron, "Sahil" və "Relaks" istirahət mərkəzləri bu gün yüksək səviyyədə turistləri qəbul etməyə hazırdır. Bununla yanaşı Ağ körpü, İstisu, Sım, Siyakü, Telman, və eyni zamanda turizm üçün əlverişli olan rayonun dəniz sahili ərazilərində istirahət zonaları mövcuddur.

Rayonun tarixi və memarlıq incəsənət abidələri
Astara rayonunun çox qədim tarixə malik olan daşınmaz tarix və mədəniyyət abidələri vardır. Bu qədim tarixə malik olan maddi-mədəniyyət nümunələri haqqında çoxlu əfsanələr, rəvayətlər yaranmış, xalqın inanclnda və yaddaşında indi də qalmaqdadır. Həmin abidələrdən 102 ədədi Respublika Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası ərazisində Dövlət Mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü"nə daxil edilib uçota alınmış və rəsmi inventar nömrəsi verilmişdir. Dərəcəsinə görə həmin abidələrdən ölkə əhəmiyyətli 26 arxeoloji, yerli əhəmiyyətli 48 memarlıq abidəsi, 2 ədəd bağ park monumental xatirə abidəsi, 21 yerli əhəmiyyətli arxeoloji abidə, 5 ədəd dekorativ tətbiqi sənət nümunəsinə ayrılmışdır.Bu abidələrdən ən qədim nümunələri olan eramizdan əvvəl II minilliyin sonu, I minilliyin əvvəllərinə aid olan Əzərrüd kəndindəki "Daş qutu nekropolu", tunc dövrünə aid "Baba Cəbrayıl kurqanı", "Təngərüd kurqanı", "Seyid Camal kurqanı", "Vaqo" kurqanları, "Baba Hümmət kurqanı", "Bi yaylağı kurqanı", Artupa kəndindəki Axicəbəl kurqanı, Alaşa kəndindəki 3 ədəd kurqan, dəmir dövrünə aid Koraoba kəndindəki "Koraoba daş qutu nekropolu" və s. göstərmək olar,
Rayonun İranla sərhəd kəndləri olan və hazırda əhali yaşamayan Anbaran, Baxçalar, Armudu, Çayağzı, Unuz, Təngov, Növüştəri, Dilmədi, Siyov və başqa qədim yaşayış məntəqələrində yüzlərlə arxeoloji cəhətdən tədqiq olunmamış maddi-mədəniyyət nümunələri vardır.
Astara rayonunda ən maraqlı abidə hazırda Tarix-Diyarşünaslıq muzeyində saxlanılan daş insan heykəlidir. Bu daş heykəlin 2000 ildən çox yaşı olması barədə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət institutunun mütəxəssisləri muzeyə rəsmi rəy təqdim etmişlər.
Astara rayon Tarix-Diyarşünaslıq muzeyində 8000-dən çox eksponat vardır.Muzeydə daş, dəmir, tunc dövrlərinə aid eksponatlara rast gəlmək olar. Əsasən IX-XII əsrlərə aid miss sikkələr Şirvanşahlara, Abbasi xəlifələrinə aid digər sikkələr muzeyin bəzəyidir. Daş parçası üzərində maral təsvirinin 2000-3500 il yaşı vardır.Astara memarlıq abidələri ilə zəngindir. Bunlardan Şahağac kəndindəki XII əsrə aid türbə, Bürzubənd kəndindəki Şeyx Məhəmməd Zalani türbəsi diqqəti cəlb edir.
Şindan qalası, Bi yaxınlığındakı Qala Kafu, Alaşa kəndinin qərbində yerləşən Divəkə qalası, Təngərüd kəndindəki Yekdəst qalası, Hamoşam kəndində Gəlin qayaları mədəni irsimizdən qalan yadigarlardandır. Şindan qalası və Qala Kafu Astaranın dağlıq ərazisinin ən uca zirvəsində yerləşir. Şindan qalası daş və kərpicdən hörülmüşdür. Qalaya şimal tərəfdən ancaq bir yol vardır. Gözətçi və sərkərdənin müşahidəsi üçün düzəldilmiş xüsusi yerlər maraq doğurur. Qalanın dəniz səviyyəsindən 2000 m yüksəklikdə olması onun yadelli işğalçılardan mühafizə məqsədi ilə tikildiyini söyləməyə əsas verir. Yerli xalqda olan inanca görə Şindan qalası Babəkin qalalarından biridir. Buna gorə də bu gün Astarada "Şindan" qalasının adı ilə bağlı mehmanxana, ticarət mərkəzi, musiqi ansamblı, el aşığı qrupu və s. vardır. Azərbaycanın qədim guşələrindən biri kimi Astara əsrlər boyu müharibə meydanı olmuşdur. Heç də təsadüfi deyildir ki,1638-ci ildə Astarada olmuş məşhur alman səyyahı Adam Oleari yazırdı: "Astaralılar həmişə silahı hazır saxlayırlar".
Rayonun Ərçivan kəndində 1499-cu ildə əsası qoyulmuş Məhəmməd Hənəfiyyə məscidi Şah İsmayıl Xətai tərəfindən ziyarət edilmişdir. Həmin kənddə XIX əsrə aid Kərbəlayi Həmid Abdullah hamamı, Penser kəndində Məşhədi Abutalıb hamamı, Hacı Teymur və Hacı Canbaxış məscidləri diqqəti cəlb edir.
Astarada IX-XIII əsrin yadıgarı, Azərbaycan xalqının qədim mədəniyyətini və tarixini özündə əks etdirən Şeyx Məhəmməd Zalani, Şeyx Məhəmməd Dilimi, Şeyx Nəsrullah, Baba Rəsul, Baba Cəbrayıl, Baba Misi, Baba Məhəmməd, Seyid Camal, Sultan Əhməd İbn Kərim, Seyid Kərim, Qırx Övliya, Gəzəndaş və başqa onlarla ziyarətgahlar, pirlər, ocaqlar vardır. Maşxan kəndindəki Seyid Əhmədin məzar daşının XIV əsrə aid olması tanınmış tarixçi Məşhədi Xanım Nemətova tərəfindən 1956-cı ildə tədqiq edilmişdir. O, məzar daşının üzərində bu ifadələrin yazılmasını müəyyən etmişdir. "Fələyin dərzisi elə bir koynək tikməmişdir ki, onu hamı axıra qədər geyə bilsin".
Rayonda yerləşən kütləvi informasiya vasitələri
Rayonda 1932-ci ildən nəşr edilən "Astara" qəzeti hazırda 1000 tirajla ayda 2 dəfədən az olmayaraq çap edilir.