Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Nizami Gəncəvi - 880” başlığı altında silsilə tədbirlər davam edir

21.09.2021

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində görkəmli ictimai xadim, pedaqoq və ədəbiyyatşünas alim Məmməd Ələkbərovun Sovet dövründə filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün "Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı" mövzusunda yazdığı dissertasiyasının AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun filologiya üzrə fəlsəfə doktoru, dossent Əzizağa Nəcəfzadə tərəfindən monoqrafiya halında nəşr etdirilmiş kitabının təqdimatı keçirildi.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Reyhanə Sadıxova kitab haqqında öz fikirlərini bölüşdü, Lənkəran şəhərində anadan olmuş, ədəbi yaradıcılıqda öz sözünü demiş, mərhum alim Məmməd Ələkbərov haqqında qürurverici hisslərlə danışdı. O, çıxışını Ulu Öndər Heydər Əliyevin sözləri ilə tamamladı: “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilməz... Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini oxuya bilməz, Füzulini oxuya bilməz, Sabiri oxuya bilməz, Cəlil Məmmədquluzadəni oxuya bilməz... Əgər onları oxuya bilməsə, bizim mədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi bilməyəcək, milli-mədəni ənənələrimizi bilməyəcək. Eləcə də o, bildirdi ki, Heydər Əliyevlə başlanan ənənələr Ulu Öndərimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi cənab Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. 2021-ci ilin “Nizami Gəncəvi ili”, elan edilməsi və dövlətimizin başçısının hər zaman milli-mənəvi dəyərlərimizə xüsusi diqqət yetirməsi Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisidir.

Tədbirdə kitabı ərsəyə gətirən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi Əzizağa Nəcəfzadə kitab haqqında geniş məlumat vermiş və Nizami yaradıcılığından bir tədqiqatçı kimi yeni-yeni fikirlər söyləmişdir. Digər çıxış edənlər AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun filologiya üzrə fəlsəfə doktoru, dossent Kərimulla Məmmədzadə, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Mehman Qaraxanoqlu, Lənkəran Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, filologiya elmlər namizədi, dossent Elşad Səfərli də öz çıxışlarında mövzu ilə bağlı  geniş məruzə etdilər. Birmənalı olaraq belə tədbirlərin keçirilməsindən qürur duyduqlarını və bu kimi tədbirlərin davamlı olacağına əminliklərini bildirdilər. Tədbir musiqili ədəbi-bədii kompozisiya proqramı ilə davam etdi.

Tədbirin sonunda Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin rəsm studiyasının istedadlı üzvlərinin “Nizami Gəncəvi əsərləri uşaqların gözü ilə” adlı rəsm əsərlərindən ibarət baxış-müsabiqəsi keçirildi. Müsabiqədə yer tutmuş uşaqlar müxtəlif nominasiyalar üzrə diplom və hədiyyələrlə təltif olundular.