Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycandan 3 şəhər Avropa İttifaqının “EU4Culture” layihəsi çərçivəsində qrant vəsait qazanıb

17.11.2021

2021-ci ilin may ayında elan olunan “EU4Culture” Şərq Tərəfdaşlığı ölkələrində qeyri-paytaxt və rayonlara xüsusi diqqət yetirməklə mədəniyyət və yaradıcı sektoru dəstəkləmək üçün Avropa İttifaqı tərəfindən maliyyələşdirilən dördillik layihədir. Layihənin ölkə üzrə həyata keçirilməsində tərəfdaş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyidir.

Layihə mədəniyyətin bölgədə genişlənməsi və sosial inkişafına töhfə vermək məqsədi daşıyır. “EU4Culture” layihəsi Höte İnstitutu, Gürcüstanın Fransa İnstitutu, Danimarka Mədəniyyət İnstitutu, Çex Mərkəzləri tərəfindən həyata keçirilir.

Layihə çərçivəsində alınan qrant hesabına şəhərlər üçün mədəniyyət strategiyalarının yazılması nəzərdə tutulur. Gələcəkdə növbəti mərhələdən uğurla keçəcək şəhərlər üçün  mədəniyyət strategiyalarının həyata keçirilməsi məqsədilə 300 min avro qrant ayrılması düşünülüb.

Ümumilikdə, müsabiqədə Şərq Tərəfdaşlığının 5 ölkəsindən 70 şəhər iştirak edib. Təqdim olunan müraciətlər qiymətləndirildikdən sonra ölkə üzrə  Şəki, Xırdalan və Lənkəran şəhərləri öz Mədəni İnkişaf Strategiyalarını hazırlamaq üçün 30 min avro qrant qazanıblar. Lənkəran şəhərindən layihəyə Lənkəran Regional Mədəniyyət İdarəsi müraciət edib.

Qrant müsabiqəsinin ikinci mərhələsinin qaliblərini elan etmək məqsədilə Avropa İttifaqının Azərbaycan üzrə Nümayəndəliyinin dəstəyi  və  Höte Mərkəzinin Bakı Ofisinin təşkilatçılığı ilə mətbuat konfransı və mükafatlandırma mərasimi təşkil olunub.

Tədbir zamanı layihənin təşkilatçıları və tərəfdaşları çıxış ediblər.  Mədəniyyət nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri v.i.e. Ramil Abbəkirov çıxış edərək, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında mədəniyyət sahəsində əməkdaşlıq və birgə layihələrin icrasının gələcək inkişaf prosesləri baxımından önəmini vurğulayıb.

Tədbirdə həmçinin Lənkəran Şəhər İcra Hakimiyyəti Başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mikayıl Cəfərzadə, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov və Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin əməkdaşı Günel Məmmədova, Avropa İttifaqının Azərbaycan üzrə Nümayəndəliyinin Səfiri, qalib şəhərlərin icra hakimiyyəti nümayəndələri və digər yerli qurumların nümayəndələri iştirak ediblər.